» » 23 iyun dövlət qulluqçularının peşə bayramıdır
 
 

23 iyun dövlət qulluqçularının peşə bayramıdır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır.
Dövlət idarəetməsində köklü islahatların aparılması mühüm əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərman imzalanmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə, o cümlədən dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə yeni normativ hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu məqsədlə ölkəmizdə müstəqillik illərində idarəetmə sahəsində milli kadrların hazırlanması üçün bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanmasına başlanmışdır.
Dövlət qulluğunda səmərəliliyin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixində respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyuldu, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra onun icrasını təmin etmək və tətbiqi mexanizmini yaratmaq üçün çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, dövlət qulluqçularının icbari sığortası, hakimiyyət səlahiyyətlərinin icrasına, qulluq stajına, ixtisas dərəcələrinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınmış, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmin yaradılmasına diqqət artırılmışdır.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası