» 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
 

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Tarixi təcrübə sübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa və tarixin təkərini nizamlamağa qadir olurlar.
Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə  yeni epoxanın, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən qlobal dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illərin tədqiqi müasir tariximizin daha dərindən öyrənilməsi baxımından da böyük önəm daşıyır.
Ulu öndərin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz bu dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı bürümüş böhrandan, parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli dövlət xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi.
Ulu öndərin əbədiyyətə qovuşmasından ötən illər bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.Ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. Bu gün Heydər Əliyev ideyalarının alternativi olmadığını xalqımız çox gözəl anlayır. Təsadüfi deyil ki, bütün seçkilərdə Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevi dəstəkləməklə xalqımız ulu öndərin ideyalarının davamına səs verib. Fəxrlə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilib, beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olub.
Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz buraxan ümummilli lider Heydər Əliyevin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi alimlər tərəfindən dərin, əhatəli, ətraflı elmi əsaslarla gələcək nəsillərə çatdırılacaqdır. Çünki xarakter, mahiyyət və məna etibarilə uca olan ulu öndər ancaq vətən, xalq amalı ilə təkcə Azərbaycanın deyil, bütövlükdə müasir dünyamızın siyasi tarixində fərqlənən önəmli bir şəxsiyyət olmuşdur.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası