» » Cari ilin birinci yarısının yekunları müzakirə olunub
 
 

Cari ilin birinci yarısının yekunları müzakirə olunub


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Baş Nazirin müavini - Maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 40 milyon 836 min 600 manat təyinata qarşı 108 faiz icra edilib, büdcəyə nəzərdə tutulandan 3 milyon 267 min 635 manat çox vəsait daxil olub. Cari ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 37 milyon 189 min 353 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 12,8 faizi və ya 5 milyon 635 min 486 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,6 faizi və ya 1 milyon 153 min 809 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 125 min 577 manatı isə digər mənbələr hesabına daxil olub.
Qeyd edilib ki, 2019-cu ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 276 milyon 40 min 923 manat təyinata qarşı 234 milyon 903 min 157 manat və ya 85,1 faiz icra olunub. Bununla yanaşı, ilk yarım ildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosial­yönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 105 milyon 293 min 887 manat sərf olunub ki, bu da büdcə xərclərinin 44,8 faizini təşkil edib. Eyni zamanda büdcə xərclərinin 74,9 faizi və ya 176 milyon 31 min 735 manatı cari xərclərə, 25,1 faizi və ya 58 milyon 871 min 422 manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, həmçinin infra­strukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Vurğulanıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Maliyyə Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların icrası istiqamətində tədbirlər görülərək dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası bundan sonra da təmin ediləcək, büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsi üzərində nəzarət daha da gücləndiriləcək, etibarlı maliyyə nəzarəti sisteminin formalaşdırılması həyata keçiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti  


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası