» » Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr müzakirə olunub
 
 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr müzakirə olunub


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açan nazir Səbuhi Məmmədov bildirib ki, müəyyən edilmiş maliyyə və sosial siyasət strategiyası fonunda 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə dinamik inkişaf davam etdirilib. Dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların və kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi və müasir tələblərə cavab verən suvarma sistemlərinin qurulması, alternativ enerji mənbələri layihələrinin icrası üzrə həyata keçirilən tədbirlərin səmərəli maliyyələşdirilməsinə nail olunub.

Qeyd edilib ki, ötən 6 ayda Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 35 milyon 486 min manat təyinata qarşı 38 milyon 103 min manat və ya 107,4 faiz icra olunmaqla, büdcəyə nəzərdə tutulandan 2 milyon 617 min manat çox vəsait daxil olub. 2018-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 32 milyon 130 min manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 10 faizi və ya 3 milyon 806 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 4,9 faizi və ya 1 milyon 868 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,8 faizi və ya 298 min 367 manatı isə digər mənbələr hesabına daxil olub.

Diqqətə çatdırılıb ki, bu ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 244 milyon 33 min 517 manat təyinata qarşı 215 milyon 368 min 550 manat və ya 88,3 faiz icra olunub. Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər qanunvericiliyə uyğun olaraq tam və vaxtında maliyyələşdirilib.

2018-ci ilin yanvar-iyun aylarında büdcə xərclərinin 71,3 faizi və ya 153 milyon 542 min manatı cari xərclərə, 28,7 faizi və ya 61 milyon 826 min manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Hesabat dövründə dövlət büdcəsinin icrası zamanı büdcədən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına nəzarət davam etdirilib, bununla büdcə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət olunub.

Nazir vurğulayıb ki, ötən altı ayda muxtar respublikanın Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum –Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və nazirliyin Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb, Ali Məclis Sədrinin Fərmanına əsasən isə muxtar respublikanın Maliyyə Nazirliyinin Əsasnaməsində və strukturunda dəyişikliklər edilib. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin yaradılması işlərə təkan verməklə təşkilatlarda aparılan maliyyə intizamının yoxlanılması üzrə nəzarət tədbirləri müəyyənləşdirilmiş qrafik əsasında sürətlə həyata keçirilir, qanunsuz xərclər dövlət büdcəsinə bərpa olunur.

“Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Maliyyə Nazirliyinə dövlət maliyyə nəzarətini gücləndirməsi, müəssisə və təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının vaxtında təqdim edilməsi ilə bağlı tədbirlər görülməsi barədə tapşırıqlar verilmişdir”, – deyən Səbuhi Məmmədov vurğulayıb ki, kollektiv sessiyada qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etməli, büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarəti daha da gücləndirməli, etibarlı maliyyə nəzarəti sistemi inzibatçılığının formalaşmasına nail olmalıdır.

Sonra məruzə ətrafında çıxışlar olub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası