Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq
təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və
innovasiyaların dəstəklənməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Müasir
dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi
davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə
mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır.
Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda
vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.
Naxçıvan
Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin
edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun,
maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını
təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin
beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir.
“Ali
və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq
təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3
orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31
təşkilata hamiliyə verilmişdir. Bu Sərəncamla hami təşkilatlar və təhsil
müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan
kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının
yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin
formalaşmasına xidmət etmişdir.
Daim
yeniləşən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr
hazırlığı işinin yeni müstəvidə hazırlanmasını tələb edir. Bütün
bunları nəzərə alıb “Ali və orta ixtisas təhsili müəssisələrində
ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli
Sərəncamına əlavələr etməklə Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. “Ali
və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq
təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq
edilsin.
2. “İdeyadan başlanğıca”
devizi altında hamiliyə verilən təhsil müəssisələri hami təşkilatlarla
birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni
və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr (startaplar) həyata
keçirsin.
3. Hami təşkilatlar
layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və
ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasını,
layihələrin (startapların) qəbulunu və təqdimatlarının keçirilməsini
təmin etsin.
4. Hamiliyə verilən
ali və orta ixtisas təhsili müəssisələri bu Sərəncamdan irəli gələn
vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirsinlər.
5.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi
aid təşkilatların təklifləri əsasında layihələrə (o cümlədən startap
fəaliyyətinə) nəzarət mexanizmini asanlaşdıran internet portalını
yaratsın.
6. Sərəncamın icrasına
nəzarət Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar
siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə tapşırılır.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 03 aprel 2019-cu il
№ 339-05/S