
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəsisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27 də imzaladığı Sərəncamın icrası ilə bağlı 24 may 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının I və II kurs tələbələri ilə görüşü keçirilib.
30-dan çox tələbənin iştirak etdiyi tədbiri Universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin sektor müdiri Nizaməddin Bağırovun “Qiymətli metalların və qiymətli daşların əyarlarının müəyyənləşdirilməsi qaydaları” mövzusunda çıxışı dinlənilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş, habelə Naxçıvan Muxtar Respublika ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən həyata keçirilir.
Həmçinin qeyd olunub ki, qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət məmulatları, əşyaları dövlət əyar damğası ilə damğalanmalıdır.
Sonda tələbələrin sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti