» » Ali təhsil ocağında tələbələrlə görüş keçirilib
 
 

Ali təhsil ocağında tələbələrlə görüş keçirilib


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 sentyabr 2019-cu il tarixində Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və III kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III  kurs tələbələri ilə görüşü keçirilib.
Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə sözügedən Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə “Dövlət büdcəsində qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinin mahiyyəti və onların maliyyələşdirilməsi mexanizmi” mövzusunda geniş məruzə edib. Məruzə zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları və dövlət qulluğu məsələləri ətraflı şərh olunub. Dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunub. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası