» » Təlimçilər üçün təlim keçirilir
 
 

Təlimçilər üçün təlim keçirilir


24 dekabr 2019-cu il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Avropa İttifaqı və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində maliyyə savadlılığı üzrə  “Gələcəyini planlaşdır” adlı təlimçilər üçün təlimə start verilib.
Təlimə Mərkəzin fəaliyyətində bilavasitə iştirak edən 15 təlimçi dəvət olunub.
Təlimin ümumi məqsədi ailə büdcəsinin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi, maliyyə məqsədlərinin müəyyən olunması üzrə bilik  və bacarıqların əldə olunması və gələcəkdə təlimçilər tərəfindən bu istiqamətdə muxtar respublikada təlimlərin keçirilməsidir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Sevinc Cabbarova təlim haqqında ümumi məlumat verib, aktuallığı və əhəmiyyəti barədə danışıb.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim materialı təqdim olunub. Pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümlülüyünün idarə edilməsi, həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırılmanın faydası, yığım metodları və bacarıqları, təcili hadisələr üçün xərclər və ehtiyat fondu haqqında elektron materiallardan istifadə edilməklə geniş məlumat verilib.
Qeyd edək ki, təlim 2 gün davam edəcək və təlimin sonunda iştirakçıların akkreditasiyası keçiriləcək, müvəffəqiyyət qazanan iştirakçılara bu layihə üzrə təlimçi sertifikatları təqdim ediləcək.

 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası