» » “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb
 
 

“Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə müəyyən olunmuş büdcə təşkilatları üzrə 20 nəfər mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.

Tədbirin əvvəlində Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev iştirakçılara mərkəzdə keçirilən bu ilk təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib. Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb. Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.Sonra gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə təlim davam etdirilib. İlk olaraq “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Aləm Bağırovun “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda çıxışı dinlənilib. İştirakçıların yüksək fəallığı şəraitində keçən təlim günü praktik iş, suallara cavab, sorğu-anketlərin doldurulması ilə başa çatıb. Təlimin davam etdiriləcəyi sonrakı günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun, nazirlik aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun müvafiq mövzular üzrə çıxışları olacaq. Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası