» » Mühasiblər üçün təlim keçirilib
 
 

Mühasiblər üçün təlim keçirilib

Naxçıvan Biznes Mərkəzində “Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlim keçirilib. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Maliyyə və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə keçirilən təlimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev açıb. Bildirilib ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsində kiçik və orta sahibkarlıq subyektlərinin sayı getdikcə artmaqdadır. Buna görə də sahibkarlıq subyektlərində mühasibat işinin təşkili çox böyük əhəmiyyət kəsb edir. Çünki mühasibat uçotu vacib və mürəkkəb bir sistemdir. Bəzi hallarda müəssisələrin gələcəyi bu sistemin düzgün və effektiv qurulmasından asılıdır. Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov çıxışında bildirib ki, muxtar respublikada sahibkarların fəaliyyəti üçün yaradılmış hərtərəfli şərait, əlverişli biznes və investisiya mühitinin nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 89 faizə çatmışdır. Sahibkarlıq subyektlərinin dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını artırmaqla yanaşı, Naxçıvanda lazımi investisiya mühitinin formalaşmasının göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır. Qeyd olunub ki, muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyəti bu müəssisələrdə mühasibat işinin düzgün qurulmasından çox asılıdır. Çünki mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. Buna görə də mühasibat uçotunun aparılması qaydaları ilə bağlı keçirilən bu təlim, düşünürük ki, hər bir müəssisə üçün faydalıdır. Təlimdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayevanın “Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun tətbiqini tənzimləyən normative hüquqi aktlar”, nazirliyin Uçot siyasəti şöbəsinin məsləhətçisi Lətifə Əsədovanın “Orta sahibkarlıq subyektlərində memorial order əsasında sintetik uçotun aparılması”, eyni zamanda hər iki təlimçinin “Kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun təşkili” mövzusunda çıxışları dinlənilib. Sonra müzakirələr aparılıb, təlimçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası