» » “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı təlimə yekun vurulub
 
 

“Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı təlimə yekun vurulub


3 günlük təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və dövlət büdcəsindən maliyyələşən digər təşkilatların 16 maliyyə-mühasibat işçisi iştirak edib.
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Sevinc Cabbarova  təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Təlimin ilk 2 günü “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması”, “Məzuniyyət hüququnun tənzimlənməsi” adlı mövzularla bağlı Nazirliyin əməkdaşı Məmmədnağı Əkbərovun, sonuncu gün isə “Büdcədən maliyyələşən təşkilatlarda profilaktiki nəzarət” adlı mövzu ilə əlaqədar Nazirliyin digər əməkdaşı Xaqani Vəliyevin təlimləri keçirilib.
Təlimdə memorial order formaları, təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun aparılması, uzunmüddətli və qısamüddətli aktivlər, sosial məzuniyyətin hesablanması, malların alışı və uçotda rəsmiləşdirilməsi, məzuniyyət hüququ, əmək qabiliyətinin itirilməsinə görə müavinətin hesablanması, təhsil və yaradıcılıq məzuniyyətinin müddəti və ödənişinin hesablanması qaydası, ezamiyyətin rəsmiləşdirilməsi qaydası kimi məsələlər diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib.
Təlimin sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası