» » Naxçıvan Biznes Mərkəzində təlimlərə start verilib
 
 

Naxçıvan Biznes Mərkəzində təlimlərə start verilib


Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi tərəfindən 5 mart tarixindən icrasına başlanılan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlər davam etdirilir. Qısa zaman kəsiyində keçirilən təlimlər 68 büdcə təşkilatlarından 77 maliyyə -mühasibatlıq işçisini əhatə edib. 
Mövzu ilə əlaqədar tədbirlərin davamı olaraq bu gün təşkil olunan təlimə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri cəlb edilib.
Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimə cəlb olunan sahibkarlıq subyektlərinin nümayəndələrini salamlayaraq ümumi məlumat verib, təlimin əhəmiyyəti və məqsədi barədə danışıb.
Sonra Vergi Məcəlləsinə qəbul edilmiş əlavə və dəyişikliklərin mahiyyəti, istiqamətləri və sahibkarlıq subyektlərində bu istiqamətdə görülməli olan tədbirlər barədə Nazirliyin şöbə müdiri Zahid Qənbərovun çıxışı dinlənilib. Hüquqi şəxslər tərəfindən cəlb olunan işçilərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən əsas vergi güzəştləri, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib.
Nazirlik Aparatının baş məsləhətçi - mühasibi Məmmədnağı Əkbərovun təşkilatlarda tətbiq olunacaq tibbi sığortanın formaları, icbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari tibbi sığorta üzrə sığorta haqları, onların məbləğləri və dərəcələri, hesablanması, ödənilməsi, hesabatın təqdim olunması barədə geniş çıxışı olub. Bildirilib ki, sığorta haqları hər ay üçün hesablanır, sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir.
Sonda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və iştirakçılara təlimin əsas məqamlarının əks olunduğu bukletlər təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası