» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi öz təlimlərini davam etdirir
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi öz təlimlərini davam etdirir

Artıq “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda iki təlimi baş tutmuş, Tədris Mərkəzində ilk təlim 1-4 may 2018-ci il tarixlərində Maliyyə Nazirliyinin iclas zalında keçirilmişdir. Dörd günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif büdcə təşkilatlarından 20 nəfər mühasibat işçisi dəvət olunmuşdur. Təlimdə Mərkəzin ekspertləri tərəfindən büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili və uçot, vergi uçotunun təşkili, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə treninqlər keçirilib. Mövzuların hər biri elektron vasitələrdən geniş istifadə olunmaqla müasir slaydlar şəklində hazlırlanmış, hər bir mövzunun sonunda dinləyicilərə sorğu-anketlər paylanılaraq tədrisin keyfiyyətinin daha da yüksəldilməsi hədəflənmişdir. İlk gün “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Aləm Bağırovun mühazirəsi dinlənilmiş, sonrakı günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun, Nazirlik Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun müvafiq mövzular üzrə çıxışları olmuşdur. Təlim iştirakçıların yüksək fəallığı şəraitində keçmiş, mövzular istiqamətində çoxlu fikir mübadiləsi aparılmış, praktiki iş və sualların izahlı şəkildə cavablandırılması aidiyyəti mövzuların iştirakçılar tərəfindən daha yaxşı mənimsənilməsinə zəmin yaratmışdır. Hər mövzu üzrə sorğu-anketlərin doldurulması prosesindən sonra iştirakçılar tədris olunan mövzularla bağlı qiymətləndirmə mərhələsinə cəlb edilmişdirlər. Təlimin son günüdə iştirakçılar Maliyyə Tədris Mərkəzinin müvafiq sertifikatları ilə təmin ediliblər. Mərkəzin ikinci təlimi muxtar respublikada təhsil sistemində çalışan maliyyə və mühasibatlıq üzrə mütəxəssisləri əhatə etmiş, Təhsil Nazirliyindən dəvət olunmuş 20 iştirakçıya təhsil sistemi üçün xüsusi hazırlanmış “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda kurs keçirilmişdir. 15-18 may 2018-ci il tarixlərində baş tutan ikinci təlimin ilk günündə büdcə haqqında ümumi anlayış, büdcə xərclərinin təsnifatı, büdcə təşkilatlarının maliyyələşdirilməsi və smeta xərclərinin planlaşdırılması mövzularında nəzəri biliklərlə yanaşı praktiki məsələlərə də yer verilmiş, növbəti günlərdə xəzinə əməliyyatlarının təşkili və uçot, vergi uçotunun təşkili və mühasibatlıq, maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlər davam etdirilmişdir. Təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir. Hazırda Mərkəzdə növbəti bir təlim – hərbi sahəsində çalışan maliyyəçilər üçün təlimin hazırlıq işləri aparılır. Belə ki 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan təlimə hərbi hissələrdə maliyyə-mühasibat işinin aparılması, hərbi sahədə çalışan mühasibat işçilərinin maliyyə intizamının inkişaf etdirilməsi və hərbi qulluqçularının istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydaları, hərbi hissələrdə vergi uçotunun təşkili, xəzinə əməliyyatlarının aparılması və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə kursların keçirilməsi nəzərdə tutulub. Bundan əlavə Mərkəzin 2018-ci il üçün təsdiq edilmiş iş planına əsasən yaxın günlərdə mədəniyyət və səhiyyə sistemində çalışan maliyyə və mühasibatlıq işçiləri üçün də kursların keçirilməsi nəzərdə tutulur. Maliyyə Tədris Mərkəzi gələcək dövrlərdə də öz fəaliyyətini yüksək səviyyədə quraraq təlimin müasir standartlara cavab verməsi üçün bütün lazımı işləri həyata keçirəcək və muxtar respublikada sağlam təməl əsasında formalaşmış maliyyə sisteminin daha da inkişaf etdirilməsində lokomotiv rolunu oynayacaqdır. Maliyyə Nazirliyinin Mətbuat Xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası