» » Maliyyə Nazirliyində “Elektron Nəzarət Portalı”nın təqdimatı olub
 
 

Maliyyə Nazirliyində “Elektron Nəzarət Portalı”nın təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov tədbiri giriş sözü ilə açaraq tikinti-quraşdırma işlərinin dəyərinin hesablanmasına Elektron Nəzarət Portalının Maliyyə Nazirliyi tərəfindən hazırlanıb istifadəyə verildiyini vurğulayıb. Qeyd edilib ki, Portalın yaradılmasında məqsəd muxtar respublikada həyata keçirilən tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsindən ibarətdir.  
Sonra Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək muxtar respublikada həyata keçirilən tikinti quruculuq işlərinin maliyyələşməsində aparılan nəzarət tədbirləri barədə danışıb. Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2017-ci ildən Dövlət satınalmalarına nəzarət sektoru vasitəsi ilə muxtar respublikada aparılan tikinti quruculuq işlərinin maliyyələşdirilməsinə nəzarəti həyata keçirir. 2019-cu ildə aparılan nəzarət tədbirləri nəticəsində büdcə vəsaitləri hesabına satın alınan inventar, avadanlıqların bazar dəyəri ilə realizə edilməsinə və 2 milyon 800 min manatdan çox vəsaitə qənaət edilməsinə nail olunub.
Aparılan nəzarət tədbirləri çərçivəsində tikinti quruculuq işlərinin dəyərinin ödənilməsi üçün sənədlərdə bəzən bilərəkdən, bəzən isə texniki səhvliklər ucbatından artıq vəsaitlərin sərf olunduğunu, qiymət intizamına riayət edilmədiyini vurğulayan Həsən İsmayılov təkcə 2019-cu ilin son aylarında aparılan yoxlama ilə 260 min manatdan çox maliyyə vəsaitinin əsassız xərcləndiyinin aşkarlanmasını və müvafiq quruma həmin məbləğdə vəsaitlərin təqsirli şəxslərdən tutularaq bərpa edilməsi üçün məktub ünvanlandığını bildirib.
Daha sonra qeyd edilən nöqsanların profilaktikası məqsədilə hazırlanmış “Elektron Nəzarət Portalı”nın tətbiqi, sistemin iş prinsipi və üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verilib.  
Bildirilib ki, Portal Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2020-ci il üçün “Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsi vəsaiti hesabına alınan tikinti, santexnik və elektrik işlərinin smeta qiymətləri kitabı”nda əks olunmuş qiymətlərin elektron versiyası ilə təchiz edilib. Bazaya daxil edilmiş mal-material, iş və xidmətlər Forma 2 sənədlərinə yalnız bazada müəyyən edilmiş qiymətə daxil edilə biləcək ki, bununla həm qiymətinə baxılmamış, həm də təsdiq edilmiş lakin təhrif olunaraq və ya  texniki səhvlik ucbatından yüksək qiymətə yazılmış (əvvəllər belə faktlar olmuşdur)  mal-material, iş və xidmətlərin mövcudluğu riski sıfıra endiriləcəkdir.
Sistemin tətbiqi hər-hansı tikinti obyektinə, hətta tikinti obyektində bölmələrə maliyyə vəsaitlərinin sərfi, sərf olunan tikinti materiallarının sayı, əlavə edilməsi zəruri olan yeni mal-materialların siyahısı və digər məsələlər haqqında mükəmməl və dəqiq statistik hesabatların əldə olunmasına şərait yaradacaqdır.
Artıq 2020-ci il üçün tikintisi nəzərdə tutulan və həyata keçirilən bütün tikinti obyektləri nəzarət portalına əlavə edilmişdir. Bununla real vaxt rejimində tikintisi həyata keçirilən obyektlərə çəkilən xərclər, tikinti materiallarının istifadəsinə dair ani hesabatlar almaq mümkündür.
Qeyd edək ki, Portala yalnız Naxçıvan Muxtar Respublikasından daxil olmaq mümkündür və sistemə daxil olmasına icazə verilən bütün subyektlər Maliyyə Nazirliyi tərəfindən istifadəçi adı və şifrə ilə təmin edilib. Sistem mümkün kiber hücumlardan tam mühafizə edilir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası