» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi qeyd olunub
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi qeyd olunub


Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev bildirib ki, 100 il bundan əvvəl  Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə Maliyyə Şöbəsi yaradılıb. Bununla da maliyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub.  Sonradan müxtəlif adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
Qeyd olunub ki,  ötən 100 il ərzində Maliyyə Nazirliyi böyük tarixi inkişaf yolu keçib, qurum  hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 2007-ci ildə istifadəyə verilən nazirliyin inzibati binası 2017-ci ildə müasir şəkildə yenidən təmir olunub, maddi-texniki bazası daha da gücləndirilib.
Nazir vurğulayıb ki, sözügedən dövr ərzində nazirliyin maddi-texniki bazasının formalaşdırılması ilə yanaşı, mühüm struktur islahatları da aparılıb. Müxtəlif tarixlərdə  nazirliyin tərkibində Əyar şöbəsi, onun bazasında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi, Dövlət Maliyyə Nəzarəti İdarəsi  və Maliyyə Tədris Mərkəzinin yaradılması bu istiqamətdə görülən işlərdəndir. Nazirliyin operativ nəzarət portalı da fəaliyyət göstərir ki, bu da muxtar respublikada dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatları vahid ünvanda birləşdirib.
Rəfael Əliyev qeyd edib ki, son illər ərzində görülən bütün bu işlər, yaradılan şərait, təşkilati və struktur islahatların nəticəsində bu gün Maliyyə Nazirliyində iş müasir tələblər səviyyəsində qurulub. Nazirlik funksiyalarının böyük əksəriyyəti elektron sistemlərə inteqrasiya olunub və bu işlər ardıcıl şəkildə davam etdirilir.
Nazir maliyyə işçilərini 100 illik yubiley münasibətilə təbrik edib və qeyd edib ki, bundan sonra da kollektiv yaradılmış şəraitdən istifadə edərək dövlət büdcəsi vəsaitlərinin qorunmasını təmin etməli, muxtar respublika rəhbəri tərəfindən göstərilən qayğıya əməli işlə cavab verməlidir.
Sonra nazirliyin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Rəsul Rəsulovun, baş mühasib Məmmədnağı Əkbərovun çıxışları dinlənilib.
Tədbirdə nazirliyin bir qrup əməkdaşına Fəxri fərmanlar, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.
Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan maliyyəsi-100 il” adlı filmə baxış olub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası