Naxçıvan Muxtar Respublikasının Maliyyə
Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Hüseyn
Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində “Büdcəmizi
anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. Layihənin əsas məqsədi
ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə
savadlılığı, qənaət, yığım və digər bacarıqlarını erkən yaşlardan
inkişaf etdirilməsindən ibarətdir. 40-dan çox məktəblinin iştirakı ilə
keçirilən təlim şagirdlərə maliyyə savadlılığı üzrə biliklərin əldə
edilməsi və bu biliklərin təqdim edilməsi, onların yaradıcı düşünmə
bacarıqlarının artırılması və maliyyə savadlılığının təşviq edilməsi
imkanı yaradır.
İlk
mərhələdə slaydlar vasitəsi ilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan
Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri
Səkinə Qəhrəmanovanın çıxışı dinlənilib. Təlimin növbəti mərhələsində
Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən
interaktiv oyunlar vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin
müqayisəli təhlili aparılıb. Sonra məktəblilərin təqdimatı dinlənilib və
səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr
aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən
sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin
sertifikatları təqdim olunub. Qeyd edək ki, “Büdcəmizi anlayaq”
layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də
keçirilməsi nəzərdə tutulub.