Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il aprel ayının 03-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 24 fevral 2021-ci il tarixdə "Naxçıvan" Universitetinin "Maliyyə" və "Mühasibat uçotu və audit" ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə sözügedən Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət İdarəsinin əməkdaşı Təhminə Nağıyeva "Naxçıvan Muxtar Respublikasında Qiymətli metalların damğalanması və qiymətli daşların yoxlanılması qaydaları" mövzusunda geniş məruzə edib. Naxçıvan Muxtar Respublikası ərazisində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirlərindən ətraflı bəhs edilmiş və qiymətli metalların növləri, qiymətli metal tərkibli məmulatların əyarının müəyyən edilməsi, damğalanması, qiymətli daşların növlərinin müəyyən edilməsi prosesləri və bu zaman tətbiq edilən dövlət rüsumunun dərəcələri haqqında məlumat verilmişdir. Daha sonra idarənin labaratoriyasında həmin proseslərin həyata keçirilməsi üçün istifadə edilən cihazlar və onların iş prinsipləri diqqətə çatdırılmışdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.