Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasının təmin olunması məqsədilə Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup tələbələri ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının görüşü keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının muxtar respublikada orta ixtisas təhsilinin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, hami təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğuladı. Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin əməkdaşı Təhminə Nağıyevanın “Naxçıvan Muxtar Respublikasında Qiymətli metalların damğalanması və qiymətli daşların yoxlanılması qaydaları” mövzusunda məruzəsi dinlənildi. Naxçıvan Muxtar Respublikası ərazisində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirlərindən ətraflı bəhs edilmiş və qiymətli metalların növləri, qiymətli metal tərkibli məmulatların əyarının müəyyən edilməsi, damğalanması, qiymətli daşların növlərinin müəyyən edilməsi prosesləri və bu zaman tətbiq edilən dövlət rüsumunun dərəcələri haqqında məlumat verilmişdir. Daha sonra idarənin labaratoriyasında həmin proseslərin həyata keçirilməsi üçün istifadə edilən cihazlar və onların iş prinsipləri diqqətə çatdırılmışdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.