Naxçıvan Muxtar Respublikasının Maliyyə
Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən, Ağbulaq İstirahət
Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün təşkil
olunmuş “Yay məktəbi” ndə, “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində
növbəti təlim keçirilib.
Tədbiri
giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban
İmanova bildirib ki, maliyyə savadlılığı insanların şəxsi maliyyə
vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir.
Gündəlik həyatda hər kəsin maliyyə ilə bağlı problemlərini həll etməsi
və düzgün qərar qəbul etmə bacarığına malik olması maddi rifahın
yaxşılaşdırılması üçün çox zəruri məsələdir. Qeyd edilib ki, təlimin
əsas məqsədi gənclərə istehlak və qənaət vərdişlərini aşılamaq, düzgün
iqtisadi plan qurmaları üçün maarifləndirmə işini aparmaqdan ibarətdir.
Maliyyə
Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev təqdimat zamanı pulun
formalaşması və yeni nəsil valyuta, büdcə planlaşdırılması, onun düzgün
idarə edilməsi, mövcud resurslardan qənaətlə istifadə, yığım,
investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat
verib. Mövzular üzrə interaktiv oyunlar keçirilib, müsabiqə xarakterli
mərhələdə 8 komanda iştirak edib, iştirakçılara mərhələlərin
nəticələrinə görə müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr
təqdim edilib.
Qeyd
edək ki, layihə çərçivəsində müxtəlif qruplar üzrə bu günə qədər 5
təlim təşkil edilib və təlimlərdə ümumilikdə, 200-dən çox gənc iştirak
edib. Keçirilən təlimlər zamanı yüksək nəticə göstərən komandalara və
fəal iştirakçılara Mərkəz tərəfindən 79 sertifikat təqdim olunub.