» » Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib
 
 

Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib


      9-10 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
     Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti  haqqında ümumi məlumat verərək, bu kimi təlimlərin keçirilməsində məqsədin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
   Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Təqdimat zamanı maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və  növləri haqqında məlumat verilib, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında  qeyd olunmasının elmi əsasları izah edilərək sınaq balansının tərtib olunması qaydaları və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq test mərhələsi keçirilib.
     Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktiki tapşırıqlar  yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Hər təlimin sonunda  tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası