» » Naxçıvanda “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib
 
 

Naxçıvanda “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib


Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib.
15 oktyabr 2021-ci il tarixdə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, ümummilli liderimizin xatirəsinə ehtiramlarını bildirmişlər. Elə həmin gün qonaqlar Heydər Əliyev muzeyi ilə tanış olub, Duzdağ Fizioterepiya Müalicə Mərkəzində mərkəzin fəaliyyəti ilə tanış olublar.
16 oktyabrda Naxçıvan Biznes Mərkəzində Forumun rəsmi hissəsində 90 nəfərin iştirakı ilə konfrans keçirilib. Ümumilikdə 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Dövlət təşkilatları, hüquqi, fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili, aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində tədbirlər görülərək maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verilir.
Nazir qeyd edib ki, bu gün maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının artırılması sahəsinə diqqət yetirilir, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil edilir və digər zəruri tədbirlər həyata keçirilir. Muxtar respublikada maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi fəaliyyət göstərir.
Bildirilib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və sahibkarlıq subyektlərində çalışan mühasibat işçiləri tərəfindən mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlərin təşkili diqqətdə saxlanılır, iştirakçılar müvafiq sertifikatlarla təmin olunur.
Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxışında bildirib ki, son 20 ilin statistikası göstərir ki, Naxçıvanda iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf özünü göstərir. Təqdirə layiq haldır ki, muxtar respublika bu üstünlüyü blokada şəraitində, ölkəmizin 20 faizi işğal altında olduğu bir dövrdə əldə etmişdir. Təbii ki, bütün bunlara ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, bu xəttin uğurla davam etdirilməsi nəticəsində nail olunub. Aparılan təhlillər onu göstərir ki, ölkə Prezidentinin də hər zaman xüsusi vurğuladığı maliyyə, mühasibatlıq sahəsindəki şəffaflıq prosesi muxtar respublikada yüksək səviyyədədir.
“Mühasiblərin və Auditorların VII Avrasiya Forumu”nun təşkilinin ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayan Ziyad Səmədzadə bildirib ki, əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.
     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat  şöbəsinin  müdiri  Naim  Cahidzadə,  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti aparatının İqtisadiyyat şöbəsinin müdiri Zahid Qənbərov çıxış edərək Naxçıvanda keçirilən  beynəlxalq  forumun  ölkənin iqtisadi inkişafının perspektivlərinin müəyyənləşdirilməsi, muxtar respublikanın ölkənin iqtisadi əməkdaşlığında gələcək fəal iştirakı baxımından əhəmiyyətindən bəhs ediblər.
Forumda mühasib və auditorların fəaliyyət prinsiplərinə uyğun 4 panel üzrə mühasibat uçotunun təkmilləşdirilməsində dövlət tənzimlənməsinin rolu, maliyyə hesabatlarında şəffaflıq problemləri, müasir çağırışlar: vergi və maliyyə hesabatlılığı, vergi qanunvericiliyi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Mühasibat uçotu sahəsində qanunvericilik, Maliyyə Hesabatlarının Beynəlxalq Standarlarının tətbiqi və digər mövzuları əhatə edən təqdimatlar olub.
Sonra forum iştirakçıları üçün Duzdağ otelində Qala gecəsi təşkil edilib. Qala gecəsində üzürlü səbəbdən forumda iştirak edə bilməyən Böyük Britaniyanın Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Carterin təbriki videoslayt vasitəsilə çatdırılıb, aid sahələr üzrə çalışan peşəkar əməkdaşlara müxtəlif nominasiyalar üzrə mühasibat dünyasının oskarı sayılan, İCB Global tərəfindən Luca Pacolinin şərəfinə təsis edilmiş LUCA -mühasibatlıq, maliyyə və ümumilikdə iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanıdan beynəlxalq mükafat təqdim olunub. Həmçinin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının keçirdiyi tədbirlərdə maraqlı təqdimatları, fəallığı ilə seçilən namizədlərə ayrı-ayrı nominasiyalar üzrə mükafatlar, eyni zamanda xarici ölkə təmsilçilərinə “Fəxri qonaqlar” nominasiyası üzrə hədiyyələr verilib. Naxçıvanın müasir inkişaf salnaməsindən bəhs edilən videoçarx, Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasındakı rəngarəng rəqs və musiqi nömrələri forum iştirakçılarında xoş təəssürat yaradıb.
Forum çərçivəsində beynəlxalq mühasib təşkilatları ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Forum iştirakçıları Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb. Sonra forum iştirakçıları Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası”nda da iştirak ediblər.
Qonaqların forumun planına uyğun olaraq Naxçıvanın gəzməli-görməli yerlərinə ekskursiyaları da təşkil olunmuşdur.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası