» » Maliyyə Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib
 
 

Maliyyə Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  keçirilən kollegiya iclasında maliyyə naziri Rafael Əliyev qeyd edib ki, dekabrın 29-da keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ətraflı təhlil edilib, qarşıya mühüm vəzifələr qoyulub. Sessiyada  “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib. Bununla əlaqədar Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
"2021-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirlərinin 72 faizi və ya 104 milyon 353 min 942 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə, 21,6 faizi və ya 31 milyon 404 min 916 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3 faizi və ya 7 milyon 668 min 598 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min 576 manatı isə digər mənbələr hesabına daxil olub",-deyən Rəfael Əliyev diqqətə çatdırıb ki, ümumilikdə 2021-ci il ərzində təyin olunmuş illik planlar vergi və gömrük orqanları tərəfindən 108,4 faiz icra edilib. Ötən il ərzində büdcənin mərkəzləşdirilmiş gəlirləri 117 faiz icra olunub, Avtomobil Yolları Məqsədli Büdcə Fonduna daxil olan vəsait istisna olmaqla, Naxçıvan şəhəri üzrə 104,5 faiz, Şərur rayonu üzrə 104,6 faiz, Babək rayonu üzrə 101,8 faiz, Ordubad rayonu üzrə 102,1 faiz, Culfa rayonu üzrə 101,9 faiz, Şahbuz rayonu üzrə 103,1 faiz, Kəngərli rayonu üzrə 102,9 faiz, Sədərək rayonu üzrə 103 faiz icra olunub.
"2021-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 544 milyon 167 min 765 manat təyinata qarşı 542 milyon 507 min 355 manat və ya 99,7 faiz icra edilib. Dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadə edilməsi və qənaət tədbirlərinin gücləndirilməsi məqsədilə büdcə təşkilatları tərəfindən satın alınmış mal-material və avadanlıqların qiymətlərinə mütəmadi nəzarət edilib, qiymət intizamının təmin olunması istiqamətində tədbirlər görülüb. Bu əsasda aparılan işlərin nəticəsində 2021-ci il ərzində 9 milyon 500 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Hesabat ilində maliyyə-mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlıqlarının təkmilləşdirilməsi, maliyyə sahəsində yeniliklərin tədrisi məqsədilə maarifləndirmə işi aparılıb, 38 təlim keçirilib, aktiv təbliğat işi aparılıb. Beynəlxalq əməkdaşlığın inkişafının, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikasında Mühasiblərin və Auditorların VII Avrasiya Forumu keçirilib",-deyə nazir bildirib.
Maliyyə naziri qarşıda duran vəzifələrdən danışaraq vurğulayıb ki,  Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 146 milyon manat proqnozlaşdırılır ki, bu 2021-ci ilin büdcəsi ilə müqayisədə 17 milyon 600 min manat və ya 13,7 faiz çoxdur. Dövlət büdcəsi üzrə gəlirlərin 110 milyon 262 min manatı və ya 75,5 faizi Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşür ki, bu məbləğ 2021-ci illə müqayisədə 14 milyon 200 min manat və ya 14,8 faiz artıq planlaşdırılıb. 2022-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən 431 milyon 600 min manat vəsait ayrılması nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri 577 milyon 600 min manat məbləğində proqnozlaşdırılır ki, bu məbləğ 2021-ci ilin büdcə xərcləri ilə müqayisədə 71 milyon 69 min manat və ya 14 faiz çoxdur.
Rafael Əliyev aidiyyatı üzrə tapşırıqlar verərək bildirib ki, maliyyə orqanları büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə dövlət nəzarətini daha da gücləndirməli, maliyyə orqanlarının əməkdaşları qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün yüksək səy göstərməli, dövlət büdcəsinin icrası istiqamətində bütün zəruri tədbirlər həyata keçirilməlidirlər.
Sonra Büdcə şöbəsinin müdiri İbrahim Vəliyev, Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev, Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi Ramil Kərimov məruzə ətrafında çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Maliyyə Nazirliyinin 2022-ci il üçün İş Planı təsdiq edilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası