» » Maliyyə Tədris Mərkəzində 2022-ci ilin ilk təlimi keçirilib
 
 

Maliyyə Tədris Mərkəzində 2022-ci ilin ilk təlimi keçirilib


    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
17-18 yanvar 2022-ci il tarixlərində Mərkəzdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Beynəlxalq standartlara uyğun olaraq memorial order forması  əsasında sintetik uçotun aparılması” mövzusunda növbəti təkmilləşdirici təlim keçirilib. İki gün, 4 tədris saatı müddətində planlaşdırılan təlimə muxtar respublikada fəaliyyət göstərən  büdcə təşkilatlarının hüquq mühafizə sahəsində çalışan 12 nəfər maliyyə və mühasibat işçisi cəlb edilib.
Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti haqqında ümumi məlumat verib, təlimlərin keçirilməsində məqsədin dövlət büdcəsindən maliyyələşən təşkilatlara beynəlxalq mühasibat uçotu standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq sintetik uçotun aparılması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
     Təlimin ilk günü Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Arzuman İmanov tərəfindən büdcə təşkilatlarında Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılmasının nəzəri əsasları açıqlanmış, təşkilatlarda tətbiq edilən uçot registrlərinin mahiyyəti, memorial order və yığım cədvəllərinin formaları,  Baş kitab və Dövriyyə balansının tərtib ediməsi  haqqında məlumat verilib. Təlim zamanı  baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsi qaydalarının elmi izahı verilib.
    Növbəti gün “Beynəlxalq standartlara uyğun olaraq memorial  order forması  əsasında sintetik uçotun aparılmasının praktiki izahı” moduluna uyğun olaraq təşkilatlarda baş verən müxtəlif əməliyyatların sintetik uçotunun aparılması və uçot registrlərinə işlənməsi ilə bağlı praktiki iş yerinə yetirilib.
      Sonda aparılan qiymətləndirmənin yekun nəticələrinə görə ən yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatı təqdim olunub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası