» » Şahbuz rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib
 
 

Şahbuz rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib


9 mart 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar.  Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqda məlumatlanır, ümumilikdə maliyyə sahəsi ilə bağlı bilik, bacarıq, baxış və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər. 
Daha sonra Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat verib.   
Təlimin sonunda mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarışlar keçirilib, yarışların nəticələrinə əsasən ”Suqovuşan” komandası birinci, “Qarabağ” komandası ikinci, “Xudafərin” komandası isə üçüncü yerə layiq görülüb. Birinci yerin qalibi olan komanda üzvlərinə Mərkəz tərəfindən hədiyyə və sertifikat, digər komandalara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 30-dan çox gənc iştirak edib. Şərurda keçirilən təlimlə start götürən layihə, Şahbuzun ardınca muxtar respublikanın digər şəhər və rayonlarından olan gəncləri də əhatə edəcək.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası