
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşü keçirilib. Tədbiri Kollecin direktor müavini Tural Məmmədov giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının muxtar respublikanın təhsil həyatında oynadığı əhəmiyyətli roldan bəhs edib.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Anar Həsənovun mühasibat uçotunun mahiyyəti, əsas məqsədi, vəzifələri, və metodu haqqında elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı dinlənilib.
Bildirilib ki, mühasibat uçotunun qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
Məruzəçi
mühasibatlıq nədir, smeta və xərclərin hesablanması, ehtiyat
fondlarının qeydiyyatının aparılması, əməkhaqqı, onun hüquqi tərəfləri,
hesablanma qaydası barədə məlumat verib. Qeyd edilib ki, tarif dərəcəsi,
əməkhaqqına əlavələr və mükafatlar düzgün hesablanmalı, qanunvericiliyə
əsasən tənzimlənməlidir. Görüşdə həmçinin əməkhaqqından işçi və
müəssisə tərəfindən ödənilən ödəmələr, vergilər haqqında məlumat
verilib. Məzuniyyət hüququ və bu hüququn təminatından danışan məruzəçi
bildirib ki, məzuniyyətin əmək, təhsil və yaradıcılıq, sosial, ödənişsiz
olmaq üzrə bir neçə növü var. Bunların hər biri qanuni olaraq işçinin
hüququdur və təmin olunmalıdır. Keçirilən tədbirdə həmçinin əməkhaqqı
cədvəli, bank sənədi haqqında da məlumat verilib.
Sonda iştirakçıları
maraqlandıran suallara da aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti