» » Səhiyyə sahəsində fəaliyyət göstərən maliyyə-mühasibatlıq işçiləri təlimlərə cəlb olunub
 
 

Səhiyyə sahəsində fəaliyyət göstərən maliyyə-mühasibatlıq işçiləri təlimlərə cəlb olunub


14-15 sentyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “İkili qeyd və onun maliyyə hesabatları ilə qarşılıqlı əlaqəsi” adlı iki günlük təlim keçirilib. Təlimə muxtar respublikanın səhiyyə sahəsində fəaliyyət göstərən 20 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub. Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimin aktuallığı və mahiyyəti barədə danışıb. O, qeyd edib ki, mühasibat uçotunun əsas məqsədi mühasibat informasiyalarını formalaşdırmaqdan ibarətdir. Bu informasiyalar təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması nəticəsində formalaşaraq düzgün idarəetmə qərarlarının qəbul edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayevin “İkili qeyd və onun maliyyə hesabatları ilə qarşlıqlı əlaqəsinin nəzəri əsasları” modulu ətrafında təqdimatı olub. Bildirilib ki, təsərrüfat vəsaitlərinin və təsərrüfat əməliyyatlarının iqtisadi qruplaşdırılması, cari əks etdirilməsi və operativ nəzarət edilməsi üsulu olan hesablar sistemində əməliyyatların ikitərəfli yazılış vasitəsilə həyata keçirilməsi maliyyə hesabatlarının tərtib olunmasının əsas mərhələlərindən biridir. Təqdimat zamanı ikili qeydin məqsədi, mahiyyəti haqqında geniş məlumat verilib, beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ayrı-ayrı təsərrüfat əməliyyatlarının maliyyə hesabatlarında əks olunması izah edilib. Növbəti gün “İkili qeyd və onun maliyyə hesabatları ilə qarşılıqlı əlaqəsinin praktiki izahı” modulunda təşkilatda baş vermiş təsərrüfat əməliyyatlarına müxabirləşmələrin verilməsi və onun maliyyə hesabatlarına təsiri müvafiq praktiki tapşırıqlar əsasında yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası