» » Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşü keçirilib
 
 

Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşü keçirilib


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncama uyğun olaraq 24 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin II kurs mühasibat uçotu ixtisası tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov vurğulayıb ki, sözügedən sərəncam muxtar respublikada təhsilin inkişafı, peşəkar kadr hazırlığı, tələbələrin ixtisasa praktiki baxımdan daha mükəmməl yiyələnmələri məqsədi ilə qəbul edilən və artıq öz real nəticələrini verən mühüm sənəddir. Çıxışda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müvafiq ixtisasa uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün Nazirlikdə hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov, Gəlirlərin proqnozu şöbəsinin baş məsləhətçiləri Aqil Nəsirov, Roman Hüseynov və həmin şöbənin aparıcı məsləhətçisi Elvin Nağıyev “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda məruzə ediblər. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Qeyd olunub ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası