» » Növbəti təlim səhiyyə sahəsində çalışan mühasibat işçilərini əhatə edib
 
 

Növbəti təlim səhiyyə sahəsində çalışan mühasibat işçilərini əhatə edib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində təşkil olunmuş, Nazirliyin tədris zalında keçirilən kursa səhiyyə sahəsində çalışan 20 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən təlimdə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, Xəzinə əməliyyatlarının, Vergi uçotunun təşkili, Büdcə təşkilatlarında mühasibatlıq işinin aparılması, hesabatlarının hazırlanması, müvafiq sahədə qanunvericilik bazasının öyrənilməsi və hüquqi məsuliyyət kimi mövzular iştirakçıların böyük marağına səbəb olmuşdur.

Yüksək peşəkarlıq və xüsusi metodologiya ilə hazırlanmış təlim materialları aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğundan cəlb olunmuş ekspertlərinin iştirakı ilə tədris edilmişdir. İlk modul üzrə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması mövzusunda Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov təlimçilərə slaydlar vasitəsi ilə geniş məlumat vermiş, praktik iş və iştirakçılarla interaktiv söhbətlərlə təlim davam etmişdir. Növbəti günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Nazirlik Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov və Naxçıvan Muxtar Respublikası Prokurorunun Beynəlxalq Əlaqələr üzrə köməkçisi Emil Abdullayevin müvafiq mövzular üzrə çıxışları dinlənmişdir.
Təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsi keçirilmiş və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir.
Maliyyə Nazirliyinin Mətbuat Xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası