» » Növbəti təkmilləşdirici kursa yekun vurulub
 
 

Növbəti təkmilləşdirici kursa yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.

5-8 noyabr tarixlərində təşkil edilən növbəti təkmilləşdirici kursa mənzil-kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilib. Kursda mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşmə istiqamətləri, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət, büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot mövzuları üzrə təlimlər keçirilib.

Mərkəzin sayca 11-ci kursunun gündəliyinə uyğun olaraq ilk gün Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzovun “mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması” mövzusunda çıxışı olub. Növbəti günlərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri-baş mühasibi Elvin Əlimərdanov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov və Naxçıvan Muxtar Respublikası Prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi Emil Abdullayevin müvafiq mövzular üzrə məruzələri dinləyicilərə əhatəli şəkildə çatdırılıb.

Qeyd edək ki, 4 gün, 12 tədris saatı müddətində təşkil olunan kursda praktik məsələ və testlərin həllinə yer ayrılıb, bundan əlavə sual-cavab, testlərin qarşılıqlı işlənməsi və sorğu-anketlərin doldurulması ilə təlim zənginləşdirilib. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları-slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən vəsaitlər təqdim olunub.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası