» » Tələbələr istehsalat təcrübəsinə başlayıb
 
 

Tələbələr istehsalat təcrübəsinə başlayıb


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 6 həftəlik istehsalat təcrübəsinə başlayıblar. 19 noyabr - 29 dekabr 2018-ci il tarixlərini əhatə edən təcrübədə Universitetin 17 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış ediləcək və müəyyən iş bacarıqlarına sahiblənəcəklər. Təhsil aldıqları ixtisas üzrə təcrübəyə malik olacaq tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edəcəklər.
Tələbələrin nazirliyə cəlb olunduğu gün təşkil edilən tədbirdə Nazirliyin Aparatının rəhbəri Tural Şirəlizadə muxtar respublikada tələbələrin ixtisaslı kadr şəklində hazırlanmasının təməlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə qoyulduğunu, bu əsasda bütün təhsil müəssisələri ilə sıx əlaqələr qurulduğunu, müxtəlif təlimlərin keçirildiyini, təhsil ocaqlarının müxtəlif təlim materialları ilə təmin olunduğunu və tələbələrin iş prossesinə cəlb edildiyini qeyd etdi.


Tələbələrin əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklərini qeyd edən Tural Şirəlizadə  bu təcrübənin gələcəkdə peşəkar kadr kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, mühasib peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib və təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.
Nazirliyin 17 əməkdaşı tərəfindən 25 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilir. Hazırlanmış təcrübə proqramına uyğun olaraq 19 noyabr 2018-ci il tarixdən praktik məşğələlər aparılır, tələbələr maliyyə və mühasibatlıq mövzuları ilə bağlı geniş məlumat əldə edirlər.
Bundan əlavə, təcrübə müddətində tələbələr nazirliyin müvafiq şöbələri üzrə iş təcrübəsində iştirak edəcək və beləliklə, öz nəzəri biliklərini təcrübədə - iş prosesində möhkəmləndirəcəklər. Onların iş prosesində iştirakına tam şərait yaradılır, tələbələr büdcə sistemi və dövlət büdcəsinin tərtibi qaydaları, vahid büdcə təsnifatı, xəzinə əməliyyatlarının aparılması və xəzinə uçotu, mühasibat uçotu kitablarının işlənməsi, əmək haqqı və ştat cədvəllərinin hazırlanması, büdcə təşkilatlarında mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması,müəssisələrin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşdirilməsi, əmək haqqının hesablanmasıqaydaları ilə yaxından tanış olurlar.
Təcrübənin məqsədi tələbələrin ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, yeni texnologiyalarla, iş üsulları və digər məsələlərlə tanış etmək, işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq, tələbələrin maliyyə sahəsindəki biliklərini təkmilləşdirmək, öz peşələrinə olan marağı artırmaqdan ibarətdir.
 
Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası