» » Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib

Artıq ənənə halını almış bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planı əsasında keçirilir.


Növbəti təlim isə 23 noyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisaslarının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda təşkil olunub.


Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq adıçəkilən Sərəncamın önəmini vurğulayaraq qeyd etmişdir ki, Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın aid təşkilatlarına hamiliyə verilmişdir. Sərəncamda qarşıda duran əsas vəzifələrdən biri tədrisin vəziyyətinin yaxşılaşdırılması və bununla bağlı hami təşkilatların müvafiq köməklik göstərməsidir. Direktor onu da qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin Büdcə idarə və təşkilatlarının təftişi sektorunun müdiri Xaqani Vəliyev “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda çıxış edərək yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat vermiş və auditor fəaliyyətinin əsas məqsədi olan təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunun müəyyən edilməsini tələbələrin diqqətinə çatdırmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası