Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 27 noyabr 2018-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisasının I və II kurs tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin İdarəetmə fakultəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamının muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Universiteti arasında əməkdaşlığın inkişafından danışan Naim Cahidzadə elmi-praktik tədbirlərin mütəmadi olaraq keçirilməsinin, Universitetin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrinə təcrübi biliklərin öyrədilməsinin zəruriliyini qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin Publik hüquqi şəxslərdə nəzarət tədbirlərinin aparılması sektorunun müdiri İbrahim Vəliyev və Büdcə idarə və təşkilatlarının təftişi sektorunun aparıcı məsləhətçi-müfəttişi Yaqub Məmmədov “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda geniş məruzə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti