» » İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan mühasiblər üçün kurs yekunlaşıb
 
 

İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan mühasiblər üçün kurs yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kursa ilk dəfə olaraq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan mühasibləri dəvət edib. 4-7 dekabr 2018-ci il tarixlərində təşkil olunmuş kursa Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 4 sahə inzibati ərazi dairəsi və 4 inzibati ərazi dairəsi üzrə, Babək Rayon İcra Hakimiyyətinin 7 inzibati ərazi dairəsi üzrə və Culfa Rayon İcra Hakimiyyətinin 7 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən 22 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən kursda “icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında maliyyə-mühasibat işinin aparılması”, “xəzinə əməliyyatlarının təşkili və uçot”, “vergi uçotunun təşkili”, “büdcə təşkilatlarında mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması”, “müvafiq sahədə maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət” kimi mövzular iştirakçılarının diqqətinə çatdırılmışdır.


Yüksək peşəkarlıq ilə hazırlanmış təlim materialları aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğundan cəlb olunmuş ekspertlərinin iştirakı ilə tədris edilmişdir. Təlimin ilk günü “İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında maliyyə-mühasibat işinin aparılması” mövzusunda Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru Bulqeyis Novruzova təlimçilərə slaydlar vasitəsi ilə geniş məlumat vermiş, praktik iş və iştirakçılarla interaktiv söhbətlərlə təlim davam etmişdir. Növbəti günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Nazirlik Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov və Naxçıvan Muxtar Respublikası Prokurorunun Beynəlxalq Əlaqələr üzrə köməkçisi Emil Abdullayevin müvafiq mövzular üzrə çıxışları olmuşdur.


Sayca 13-cü kursun yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsi keçirilmiş və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir.
Qeyd edək ki, Mərkəz tərəfindən bu günədək təşkil edilmiş kurslarda büdcə təşkilatlarında çalışan 248 nəfər mühasibatlıq işçisi dinləyici kimi iştirak etmişdir.
 
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası