» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi “Gənclərdə büdcə savadlılığı” layihəsinə start verib
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi “Gənclərdə büdcə savadlılığı” layihəsinə start verib

Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və geniş əhatəli layihələr həyata keçirilir. Bu gün Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayacaq. Belə ki, müasir dövrdə beynəlxalq səviyyədə aktual olan büdcə savadlılığının muxtar respublika gənclərinə aşılanması, bu vərdişlərin onlarda formalaşdırılması dövrün tələbi kimi öz vacibiyyətini qazanmışdır.


          11 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib. Kollecin iclas zalında keçirilən təlimə “Mühasibat uçotu”, “Bank işi”, “Rabitə qovşaqları və kommunikasiya sistemləri”  və digər ixtisaslar üzrə 100-dən çox tələbə cəlb olunub. Tədbiri giriş sözü ilə Kollecin direktoru Asəf Ruşanov açaraq təlimin iştirakçılarını salamlamış və təşkilatlarla birgə təşkil olunan tədbirlərin faydalarından və tələbələrə müsbət təsirlərindən bəhs edib.
          Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək yeni layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihənin də məhz müvafiq sərəncamla bağlı olduğunu, əhatə dairəsinin artırılaraq digər təhsil müəssisələrində də keçirilməsinin planlandığını diqqətə çatdırıb. Eyni zamanda, Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq ali və orta ixtisas təhsili müəssisələrində keçirdikləri elmi-praktik, maarifləndirici tədbirlərin tələbələrin yüksək səviyyədə hazırlığı və gələcəkdə iş yerləri ilə təmin olunmalarındakı əhəmiyyəti bir daha vurğulanıb.
      Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova da çıxış edərək, Mərkəzin fəaliyyəti haqqında və keçirilən təlimin proqramı barədə məlumat verib.


        Daha sonra tədbirin proqramına uyğun olaraq Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda  hazırlanmış təlim materialı təqdim olunub.
       Növbəti çıxış isə Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev tərəfindən olmuş, “Ailə büdcəsinin tərtibi və onun tətbiqi”  mövzusunda təlim aparılmışdır. Mövzuya müvafiq olaraq gənclərdə ailə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
    Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 3 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar və plaketlər təqdim olunub. Əlavə olaraq qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası