» » Tələbələrlə görüş keçirilib
 
 

Tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 19 dekabr 2018-ci il tarixdə Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib.
Universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Maliyyə Nazirliyinin hamiliyinə verildiyini bildirib.
Dekan müavini Sərəncamın əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.  Universitetin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyi, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyi vurğulanmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçiləri Xəlil Vəlizadə və Ələddin Məmmədovun “Dövlət idarəetmə orqanlarının saxlanılması xərclərinin maliyyələşdirilməsində spesifik qaydalar” mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsində xərclərin əsaslandırılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin əsas müddəaları, dövlət qulluğu məsələləri ətraflı şərh olunmuş, dövlət qulluqçularının statusu və əməyinin ödənişi qaydaları tələbələrə geniş izah olunmuşdur. Dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsinin büdcədən maliyyələşən digər təşkilatların maliyyələşdirilməsindən fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası