» » Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir
 
 

Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş bir sıra əlavə və dəyişikliklərin sahibkarlıq subyektlərində tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində təlimlərə start verilib.
Yanvarın 14-ü təlim başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək iştirakçılara təşkil edilən tədbirlə əlaqədar ümumi məlumat verib, əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışıb. Daha sonra təlimə start verilib.
Təlim müddətində vergi sahəsində edilən dəyişikliklərlə bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.  
Sosial sığorta və İşsizlikdən sığorta sahəsində edilmiş dəyişikliklər barəsində Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nihad Rəhimli çıxış edərək məsələnin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Təlimin sonunda iştirakçılara Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə hazırlanmış əlavə və dəyişiklikləri özündə əks etdirən məlumat kitabçaları paylanılıb.
Qeyd edək ki, Təlimlər 14 – 18 yanvar tarixlərini əhatə edərək 5 gün ərzində təşkil olunacaq. Tədris planına əsasən təlimlər muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin böyük əksəriyyətini əhatə etməklə ümumilikdə 580 müəssisədən 702 sahibkar və maliyyə - mühasibatlıq işçisini əhatə edəcək.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 
mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası