» » “Gənclərdə büdcə savadlılığı” adlı layihə davam edir
 
 

“Gənclərdə büdcə savadlılığı” adlı layihə davam edir


Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və genişəhatəli layihələr həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamla bağlıdır və əhatə dairəsi artırılaraq digər təhsil müəssisələrində də keçirilməsi planlaşdırılır. Tələbələrin bu layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyat təcrübəsinə yiyələnmələrinə kömək göstərir.
Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayır.
Layihə cərçivəsində növbəti təlim 20 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində baş tutub.
Universitetin iclas zalında keçirilən təlimə “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Menecment”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə 80-dən çox tələbə cəlb olunub.
Tədbiri giriş sözü ilə Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq təlimin iştirakçılarını salamlayıb və təşkilatlarla birgə təşkil olunan tədbirlərin faydalarından, tələbələrə müsbət təsirlərindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb.
Daha sonra tədbirin proqramına uyğun olaraq Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda  hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında ətraflı məlumat verilib.
Növbəti çıxış isə Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev tərəfindən olmuş, “Ailə büdcəsinin tərtibi və onun tətbiqi”  mövzusunda təlim aparılmışdır. Mövzuya müvafiq olaraq gənclərdə ailə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.                            
         Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub. Əlavə olaraq qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
         
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası