» » Tələbələrlə görüş keçirilib
 
 

Tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 27 fevral 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II və III kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib.
Universitetin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Maliyyə Nazirliyinin hamiliyinə verildiyini bildirib.  
Fakültə dekanı Sərəncamın əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.  Universitetin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyi, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyi vurğulanıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdir müavini Ülvi Cəfərovun və Xəzinə şöbəsinin baş məsləhətçisi Azad Əliyevin “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda elektron materiallarla zənginləşdirilmiş məruzələri dinlənilib. Məruzələr zamanı xəzinə sisteminin mərhələli inkişafından söhbət açılıb, ilkin xəzinə sənədləri, xərc əməliyyatlarının aparılması mərhələləri, daxilolmaların uçotunun aparılması, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi haqqında tələbələrə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası