» » Ali təhsil ocağında “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib
 
 

Ali təhsil ocağında “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda 130-dan çox tələbənin iştirakı ilə baş tutub.
Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov açılış nitqi edərək qonaqları salamlayıb.
Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamın icrası ilə bağlıdır. Tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərə cəlb olunması onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsi, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmaları, həyat təcrübəsinə yiyələnmələri məqsədi daşıyır.
Sonra Maliyyə Nazirliyinin büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən "Dövlət büdcəsini anlayaq" mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Büdcə ilə bağlı əsas anlayışlar, büdcənin mahiyyəti, dövlət büdcəsinin gəlir və xərc istiqamətləri, Azərbaycan Respublikasının Büdcə sistemi, Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublika büdcəsinin və yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Maliyyə Nazirliyinin dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparıb. Təlim prosesində tələbələrin gəlir və xərclərinin səmərəli idarə olunması məqsədilə onlara tələbənin fərdi büdcəsinin tərtibi və planlaşdırılması ilə bağlı ətraflı nəzəri və praktiki məlumatlar verilib, fərdi büdcənin düzgün idarə olunmasının əhəmiyyətindən danışılıb, bunun üçün nəzərə alınmalı məsələlər geniş şərh olunub. Belə ki, ilkin büdcənin mümkün olan gəlir mənbələri və zəruri xərc istiqamətləri  müəyyənləşdirilərkən reallıqların nəzərə alınması, obyektiv təhlil aparılmasının zərüriliyi qeyd edilib, bütün hallarda qənaət prinsipinin əsas götürülməsi tövsiyə olunub.
Təlimin sonuncu mərhələsində tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib, iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub və Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək  “Kargüzarlıq işinin aparılması” adlı təlimdə iştirak etmək hüququnu qazanmış 4 tələbəyə  “Hədiyyə Sertifikatı” təqdim olunub. Sonda qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nairliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası