
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 23 aprel 2019-cu il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Kommunal xərclərin proqnozlaşdırılması və bu xərclərin maliyyələşdirilməsinə nəzarət” mövzusunda görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən bəhs edib.
Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək keçirilən görüşlərin tələbələrin praktiki biliklərinin artırılmasında və onların gələcəkdə mütəxəssis kimi formalaşmasında mühüm rolu olduğunu bildirib.
Sonra Nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyevin aidiyyəti təşkilatların xərc smetalarının tərtibi və rüblük bölgüsünün hazırlanması, ştat cədvəllərinin, xərc smetalarının, mənzil və kommunal xidməti təşkilatlarında planlaşmaya dair məlumatın alınması, müvafiq sahələr üzrə büdcə proqnozunun hazırlanması, yerli maliyyə orqanlarından aylıq hesabatların alınması və alınmış məlumatlar əsasında xərclər smetasının icrasının təhlil edilməsi haqqında elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı dinlənilib.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti