» » Ali təhsil ocağında tələbələrlə görüş keçirilib
 
 

Ali təhsil ocağında tələbələrlə görüş keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 25 aprel 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III kurs tələbələri ilə görüşü keçirilib.
Universitetin İqtisad fakultəsinin dekanı Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.
Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək Universitetin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlərin keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev “Kommunal xərclərin proqnozlaşdırılması və bu xərclərin maliyyələşdirilməsinə nəzarət” mövzusunda geniş məruzə edib. Məruzə zamanı aidiyyəti təşkilatların xərc smetalarının tərtibi və rüblük bölgüsünün hazırlanması, ştat cədvəllərinin, xərc smetalarının, mənzil və kommunal xidməti təşkilatlarında planlaşmaya dair məlumatın alınması, müvafiq sahələr üzrə büdcə proqnozunun hazırlanması, yerli maliyyə orqanlarından aylıq hesabatların alınması və alınmış məlumatlar əsasında xərclər smetasının icrasının təhlil edilməsi haqqında tələbələrə məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası