
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrə maarifləndirici təlim keçib.
Kollecin direktoru Asəf Ruşanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə haqqında məlumat verib. Qeyd edilib ki, keçirilən startap görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır.
Sonra “Startap nədir?”, “Startap layihələrinin hazırlanması və təqdimatı”, “Layihələrin ideyasının və qısa təsvirinin verilməsi qaydaları” mövzularında maarifləndirici təlim keçirilib. Təlimin sonunda “Mühasibat uçotu” ixtisası tələbələrindən ibarət 10 nəfərlik qrup təşkil edilib. Qrup üzvləri ilə mütəmadi maarifləndirici tədbirlərin keçiriləcəyi, yeni ideyaların hazırlanması və təqdim olunmasında, eyni zamanda həmin ideyaların reallaşdırılmasında tələbələrə dəstək göstəriləcəyi bildirilib.
Sonda tələbələrin sualları cavablandırılıb.