Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Büdcə və əmək qanunvericiliyi” adlı təkmilləşdirici iki günlük təlim keçirilib.
Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilən təlimə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər büdcə təşkilatlarından 12 mühasibat işçisi dəvət olunub. İki gün ərzində keçirilən təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. Qeyd olunub ki, "Mühasibat uçotu haqqında" Qanunda öz əksini tapan peşəkar mühasib sertifikatını almaq istəyən şəxslərin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə yanaşı, yerli qanunvericiliyin tələblərini də mükəmməl bimələri vacib şərtdir. Bu günkü təlimin də əsas məqsədi gələcəyin peşəkar mühasiblərinin büdcə və əmək qanunvericiliyi ilə bağlı biliklərinin artırılması olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin ilk günü “Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti” modulu ətrafında büdcə ilə bağlı əsas anlayışlar və onların izahı, Azərbaycan Respublikasının büdcə sistemi, məqsədli büdcə fondları, ehtiyat fondları, icmal büdcə, dövlət büdcəsinin tərtibi qaydaları, Vahid büdcə təsnifatına əsasən gəlir və xərclərin təsnifatı və digər mövzularla bağlı Nazirliyin Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynovun mövzu ilə əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatları diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib. Təlimin sonunda test mərhələsi keçirilib.
Təlimin növbəti günü “Əmək qanunvericiliyinin əsasları” adlı mövzu ətrafında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları, müddətli və müddətsiz müqavilələr, iş vaxtı, natamam iş vaxtı və bu kimi digər maddələr haqqında iştirakçılara məlumat verilməsi nəzərdə tutulub.
Sonda təlim iştirakçılarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və yekun nəticədə müvəffəqiyyət qazanan dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatlar təqdim edilib.