Naxçıvan Muxtar Respublikasının Maliyyə
Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Gələcək üçün maliyyə” silsilə tədbirləri çərçivəsində 11 avqust 2021-ci il tarixində tələbələr
üçün növbəti təlimə yekun vurub. Ağbulaq İstirahət Mərkəzində keçirilən
təlimə 60-dan çox tələbə cəlb olunub. Mərkəz tərəfindən bu kimi
təlimlərin keçirilməsi gələcəyimiz olan gənclərimizin maliyyə bazarının
aktiv iştirakçısına çevrilməsinə və muxtar respublika iqtisadiyyatının
daha da güclənməsinə verilən bir töhfədir.
Tədbirin mahiyyəti və aktuallığı barədə Mərkəzin əməkdaşı məlumat
verərək, bu təlimin iştirakçılar üçün mühüm əhəmiyyətindən ətraflı bəhs
edib. Bildirilib ki, "Gələcək üçün maliyyə" layihəsi çərçivəsində təşkil
edilən bu səpkili təlimlərin, eləcə də tələbələrin maliyyə bilik və
bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də
keçirilməsi nəzərdə tutulur.
Proqrama uyğun olaraq Mərkəzin əməkdaşı Pərviz Babayev tərəfindən
“Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim
olunub. Təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə
nədir, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərinin
planlı şəkildə istifadəsi, yığım və investisiyanın əhəmiyyəti və digər
mövzular haqqında ətraflı məlumat verilib. Növbəti mərhələdə tələbələrin
bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə
interaktiv mərhələ keçirilib.
Müsabiqə xarakterli təlimdə uğur qazanmış komandalara, həmçinin təlimdə
fəal iştirak edən tələbələrə Mərkəzin sertifikatları və hədiyyələr
təqdim olunub.