» » Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib

       

      26 noyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Mühasibat ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüş təşkil olunub.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Sərəncamları əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.
Tədbiri giriş sözü ilə açan Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekani Əşrəf Ələkbərov adı çəkilən Sərəncamların önəmini vurğulayaraq keçirilən görüşlərin tələbələrin praktiki biliklərinin artırılmasında və onların gələcəkdə mütəxəssis kimi formalaşmasında mühüm rolu olduğunu bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Azad Əliyev və Qafar Quliyevin “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı xəzinə sisteminin mərhələli inkişafından söhbət açılıb, ilkin xəzinə sənədləri, xərc əməliyyatlarının aparılması mərhələləri, daxilolmaların uçotunun aparılması, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi haqqında tələbələrə geniş məlumat verilib.
     Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
 
                                                                                          Naxçıvan Muxtar Respublikası Maliyyə 
                                                                                          Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası