
29 noyabr 2021-ci il tarixdə “Naxçıvan” Universitetinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüş təşkil olunub.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Sərəncamları əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Tural Məmmədzadə Sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Azad Əliyev və Qafar Quliyevin “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı xəzinə sisteminin mərhələli inkişafından söhbət açılıb, ilkin xəzinə sənədləri, xərc əməliyyatlarının aparılması mərhələləri, daxilolmaların uçotunun aparılması, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi haqqında tələbələrə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin mətbuat xidməti