» » “Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib

   

    Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılması qaydaları” mövzusunda görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı Tural Məmmədzadə  keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası istiqamətində hami təşkilat və universitet arasında mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malikdir. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklər qazanmasında bu cür tədbirlərin önəmini vurğulayıb.
    Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Anar Həsənovun mühasibat uçotunun mahiyyəti, əsas məqsədi, vəzifələri və metodu haqqında elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı dinlənilib. Bildirilib ki, mühasibat uçotunun qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
    Məruzəçi mühasibatlıq nədir, smeta və xərclərin hesablanması, ehtiyat fondlarının qeydiyyatının aparılması, əməkhaqqı, onun hüquqi tərəfləri, hesablanma qaydası barədə məlumat verib. Qeyd edilib ki, tarif dərəcəsi, əməkhaqqına əlavələr və mükafatlar düzgün hesablanmalı, qanunvericiliyə əsasən tənzimlənməlidir. Görüşdə həmçinin əməkhaqqından işçi və müəssisə tərəfindən ödənilən ödəmələr, vergilər haqqında məlumat verilib. Məzuniyyət hüququ və bu hüququn təminatından danışan məruzəçi bildirib ki, məzuniyyətin əmək, təhsil və yaradıcılıq, sosial, ödənişsiz olmaq üzrə bir neçə növü var. Bunların hər biri qanuni olaraq işçinin hüququdur və təmin olunmalıdır. Keçirilən tədbirdə həmçinin əməkhaqqı cədvəli, bank sənədi haqqında da məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası