Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Duz Muzeyində olublar. Ziyarətçilərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda qeyd olunur ki, Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumatlar da öz əksini tapıb. Bildirilib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub və həmin ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub. Belə bir muzeyin yaradılması Naxçıvanı nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında nadir ünvanlardan birinə çevrilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Duz Muzeyinin yaradılması həm də Naxçıvanın təbliği baxımından önəmlidir.