» » Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyətinin yekunları
 
 

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyətinin yekunları

Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən qədim Azərbaycan torpağı Naxçıvan bu gün öz intibah dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən çiçəklənir. Qarşıya qoyulan bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, lazımi islahatların vaxtında aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması muxtar respublikanın uğurlu gələcəyini təmin edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi də öz növbəsində muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Məhz, yüksəkixtisaslı kadrların hazırlanması da bilavasitə maliyyə sisteminin gələcək inkişafının təminatıdır.
Mərkəzdə ilkin fəaliyyətin təşkil olunması və tədrisə start verilməsi istiqamətində işlərə başlanmış, təlim materialları və təlimçilərin hazırlığı prosesi aparılmışdır.
Fəaliyyətinin müasir tələblərə cavab verməsinin təmin olunması istiqamətində muxtar respublika rəhbərliyin xüsusi diqqət və qayğısı sayəsində Mərkəzin maddi - texniki bazası gücləndirilmiş, yeni tədris zalı, elektron lövhə və ən son texnoloji təminata sahib 25 ədəd kompüter istifadəyə verilmişdir. Bu təşəbbüslər də öz növbəsində tədrisin daha müasir şəkildə həyata keçirilməsinə imkan vermiş, fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadənin təmin edilməsinə zəmin yaratmışdır.
Fəaliyyətinin ilk ilində Mərkəzin əsas məqsədi təlimlərin yüksək səviyyədə təşkili olmuş, ekspertlər və mütəxəssislərin cəlb edilməsi, təlim materiallarının hazırlanması, dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçilərinin tədrisə cəlb edilməsi, bilik səviyyələrinin qiymətləndirilməsi, təlim haqqında məlumatların kütləvi informasiya vasitələri və internet səhifələrinə yerləşdirilməsi işləri görülmüşdür.
Təsdiq olunmuş tədris planlarına əsasən keçirilməsi nəzərdə tutulan təlimlər üçün tədris materialları hazırlanmış, bu sahədə mövcud olan qabaqcıl təcrübə və elmi-praktik nailiyyətlər mənimsənilmiş, Mərkəzin fəaliyyətində tətbiq edilmişdir.
Mərkəz tərəfindən qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılmışdır. Bundan asılı olaraq Mərkəzdə müxtəlif təlim müddətli qruplar təşkil olunmuş, müvafiq tədris planları və proqramları işlənib hazırlanmışdır. Muxtar respublikanın rayon və şəhərlərindən təhsil, səhiyyə, mədəniyyət, hərbi və hüquq-mühafizə, kommunal sahəsində, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında fəaliyyət göstərən maliyyə və mühasibat işçiləri kurslara cəlb olunmuşdur.
Əsasən dörd gündən ibarət təşkil edilən təlim paketləri, 4 və ya 5 moduldan ibarət olmaqla 12 tədris saatı şəklində tərtib olunmuşdur. Mərkəz ötən il üçün müvafiq ekspertlərlə işləyib hazırladığı “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” təlimi, smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatları əhatəli şəkildə iştirakçılara çatdırmağı hədəf almışdır. Təlim paketində praktiki iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması mərhələləri həyata keçirilmişdir. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra tədris planının tələblərini yerinə yetirən dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir. Təlimçiləri bütün tədris zamanı ekspertlər müşahidə etmişdir ki, bu da öz növbəsində təlimin keyfiyyətinin artırılmasına müsbət təsir etmişdir. Hər kurs gününün sonunda iştirakçılara sorğu anketlər paylanılmış, onların irad və təklifləri nəzərə alınaraq Mərkəzin işinin daha da yaxşılaşdırılması hədəflənmişdir. Mərkəz müasir texnologiyalardan tədris işlərinin təkmilləşdirilməsi üçün səmərəli şəkildə istifadə edir. Belə ki, təlimləri və təlimçilərin qiymətləndirilməsi üçün elektron sorğu anketlər, dinləyicilərin peşəkarlıq səviyyəsini öyrənmək məqsədilə test bazası yaradılmışdır.
2018-ci il ərzində Mərkəz tərəfindən muxtar respublikanın mərkəzi və yerli icra orqanları və hüquq-mühafizə orqanları, rayon və şəhər təşkilatları, habelə digər dövlət idarə və müəssisələri üzrə 178 təşkilat olmaqla 250 nəfər maliyyə və mühasibat işçisini əhatə edən 13 kurs təşkil olunmuşdur.
Tədris prosesində daha effektli nəticə əldə etmək məqsədilə Mərkəzin tədris materiallarının hazırlanmasına aidiyyəti sahələrdə biliyə malik şəxslərin, alimlərin və elm adamlarının, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarının cəlb olunması təmin edilmişdir. Təlimlərin dinləyicilərə yüksək səviyyədə çatdırılması da diqqət mərkəzində saxlanılmış, bu məqsədlə ötən il ərzində ümumilikdə 17 mütəxəssis təlimçi qismində dəvət edilmişdir. Təlimçi – ekspertlər Maliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı, əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları olmuşdur.
Həmçinin Əsasnaməsinə uyğun olaraq Mərkəz tədris plan və proqramlarını, elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirmək işini də həyata keçirir. Belə ki, 2018-ci ildə Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə beynəlxalq təcrübənin öyrənilməsində mühüm əhəmiyyətə malik olan “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr etdirilmişdir.
Görülən mühüm işlər sırasında dinləyicilərin gündəlik işlərində onlara faydalı olacaq təlim materiallarını özündə əks etdirən məlumatların kitab şəklində çap edilməsidir. Belə ki, kitablar təlim müddətində dinləyiciləri müşayiət etdiyi kimi, təlimin sonunda vəsaitlərə ehtiyac duyanlara paylanılır. Müvafiq sahəyə aid normativ-hüquqi aktları, sənəd formalarını, təlimatları, qaydalar və misalları özündə ehtiva edən material işçilərin gələcək fəaliyyətində ciddi müraciət obyektinə çevrilir.
Bundan əlavə, təlimin istiqamətlərinə uyğun modullar haqqında qısa məlumatdan ibarət bukletlər hazırlanıb dinləyicilərin istifadəsinə verilmişdir. Ümumilikdə fəaliyyət dövründə Mərkəz tərəfindən 1 lüğət, 10 istiqamətdə 400 tədris materialı, 2 istiqamətdə 165 buklet və 500 nüsxədə məlumat kitabçası nəşr olunmuşdur.
Fəaliyyəti ərzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimlərin təşkili ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlərin davamı olaraq 11 dekabr 2018-ci il tarixində Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində ilk təlimin də keçirilməsinə nail olunmuşdur. Tədbirdə müvafiq ixtisasda təhsil alan 100-dən çox tələbə iştirak etmiş, fəal tələbələrə müvafiq fərqləndirici sertifikatlar və plaketlər təqdim olunmuş, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilmişdir. Mərkəz gələcək fəaliyyətində də bu cür layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Mərkəz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 18 may 2018-ci il tarixdə Naxçıvan şəhərində Kiçik və Orta Sahibkarlıq subyektləri üçün keçirilən təlimin və 14 dekabr 2018-ci il tarixdə “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının tətbiqi” ilə bağlı təlimin təşkilatçılığında fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə Mərkəz tərəfindən keçirilən təlimlər 2019-cu ilin 7-11 yanvar  tarixlərində 5 gün ərzində gündə iki dəfə təşkil olunaraq tədris planına əsasən bütün nazirlik, komitə və təşkilatlarla birlikdə ümumilikdə 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə etmişdir. Büdcə təşkilatları ilə yanaşı sözügedən qanunvericilikdəki dəyişikliklərlərin həm də sahibkarlıq subyektlərində tətbiqini təmin etmək üçün Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində baş tutan təlimlər 2019-cu ilin 14 - 18 yanvar tarixlərini əhatə edərək 5 gün ərzində təşkil olunmuş və muxtar respublikada fəaliyyət göstərən 580 müəssisədən 702 sahibkar və maliyyə - mühasibatlıq işçisini əhatə etmişdir.
Ötən dövr ərzində Mərkəz tərəfindən keçirilən təlimlər haqda məlumatların mütəmadi şəkildə qəzet, radio, televiziya və internet vasitəsilə ictimaiyyətə çatdırılması da daim diqqət mərkəzində saxlanılmışdır. Bu günədək olan fəaliyyəti ərzində ümumilikdə 16 qəzet materialı, 12 televiziya müsahibəsi və materialı, 150 ədəd müxtəlif internet resursu Mərkəzin fəaliyyətinin işıqlandırılmasını təmin etmişdir.
Maliyyə Tədris Mərkəzi gələcək dövrlərdə də öz funksiyalarını ən yüksək şəkildə həyata keçirərək, muxtar respublikada dayanıqlı maliyyə mühitini dəstəkləyərək ehtiyac yaranan sahələrdə maarifləndirmə və məlumatlandırma işini həyata keçirəcək, Maliyyə Nazirliyi tərəfindən muxtar respublikada aparılan ümumi maliyyə intizamının təmin olunması işində əzmlə çalışacaq.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası