Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Naxçıvan Muxtar Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli 220-05/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Mərkəz maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin edən qurumdur.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət satınalmalarına nəzarət sektoru bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) qanunvericiliyə uyğun olaraq müsabiqə və aşkarlıq əsasında satın alınmasına, qiymətlərin real bazar qiymətlərinə uyğunluğuna nəzarət edir, dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar tərəfindən dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi üçün tədbirlər həyata keçirir.